Ana səhifə Forum Yardım Əlaqə
      

EKSPERT RƏYİ

Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti

Alyans bununla bağlı Rəy hazırlayıb

İndiyə qədər yerli özünüidarə sisteminin fəaliyyəti və öhdəliklərin icrası ilə bağlı ayrıayrı təşkilatlar tərəfindən müxtəlif hesabatlar və rəylər hazırlanıb. Bunların sırasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü ildə hazırladığı hesabat və 126 saylı tövsiyə xüsusi yer tutur. Lakin 2003-cü ildən sonra Konqres monitorinq aparmayıb. Milli qeyri-hökumət təşkilatlarına gəlincə, “Mülki cəmiyyətə doğru” Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, Aran Humanitar Regional İnkişaf İctimai Birliyi və s. təşkilatlar tərəfindən ayrı-ayrı vaxtlarda yerli özünüidarə ilə bağlı rəy və təklifləri özündə əks etdirən müxtəlif sənədlər tərtib edilərək hökumətə təqdim edilib. Lakin hələ indiyə qədər yerli özünüidarə ilə bağlı vətəndaş cəmiyyətinin ortaq mövqeyini əks etdirən vahid sənəd ictimaiyyətə təqdim olunmayıb.
Bu rəyin hazırlanmasında əsas məqsəd Azərbaycanın yerli özünüidarə sisteminin mövcud vəziyyətinin ümumi təsvirini vermək, dövlət hakimiyyət orqanlarının və ictimaiyyətin diqqətini yerli özünüidarə problemlərinə cəlb etmək və onların həlli ilə bağlı müxtəlif təşkilatların ortaq mövqeyini ifadə edən tövsiyələr verməkdir.
Rəydə yerli özünüidarənin bütün məsələləri deyil, daha fundamental məsələləri əhatə olunub. Rəy aşağıdakı bölmələrdən ibarətdir:
Yerli idarəetmənin sistemi və bələdiyyələrin statusu. Bu bölmədə Azəarbaycanın yerli idarəetmə sisteminin mövcud vəziyyətinin təhlili öz əksini tapıb. Bölmədə qeyd olunur ki, yerli idarəetmədə paralelliyin olması, yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında konkret səlahiyyət bölgüsünün olmaması, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin məhdudluğu, mövcud səlahiyyətlərin tam və müstəsna xarakter daşımaması yerli idarəetmənin səmərəliliyini aşağı salan əsas faktorlardır.

Bələdiyyələrin ölçüləri:
Bu bölmə Azərbaycanda bələdiyyələrin həddindən artıq kiçik ölçülü olmasından, bu problemin doğurduğu arzuolunmaz nəticələrdən bəhs edir.

Bələdiyyələrin maliyyə resursları. Bu bölmə bələdiyyələrin mövcud maliyyə potensialından bəhs edir. Qeyd olunur ki, bələdiyyələrin maliyyə imkanları olduqca məhduddur və bu, onların qarşısında duran vəzifələrin icrasını mümkünsüz edir. Bölmədə bələdiyyələrin mövcud gəlir mənbələri təhlil edilir və bu mənbələrin əksəriyyətinin dayanıqlı olmaması göstərilir.

Bakının statusu. Bu bölmədə Bakı şəhərinin statusunun indiyə qədər müəyyən edilməməsi və Bakı şəhərinin yerli özünüidarə statusuna malik olmamasının əsas səbəbləri, bu problemin aradan qaldırılmasını şərtləndirən əsas amillər öz əksini tapıb.

Bələdiyyələrin kadr potensialı. Bu bölmə bələdiyyələrin kadr potensialının mövcud vəziyyətindən bəhs edir. Bölmədə bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sisteminin təkmilləşdirilməsi zərurəti qeyd olunur. Bələdiyyə orqanlarının təşkili və onlar arasinda səlahiyyət bölgüsü. Bu bölmədə bələdiyyə orqanlarının formalaşdırılmasının, xüsusilə bələdiyyə sədrinin seçilməsinin mövcud mexanizmləri, eləcə də bələdiyyə orqanları arasında səlahiyyət bölgüsü ilə bağlı vəziyyətin təsviri öz əksini tapıb.

Bələdiyyə birlikləri. Bu bölmədə bələdiyyə birliklərinin fəaliyyətinin mövcud vəziyyətinin təsviri verilir. Bölmədə müxtəlif birlik formalarından təcrübədə necə istifadə olunması haqqında danışılır, bələdiyyələrin milli assosiasiyalarının öz fəaliyyətlərini təsis olunduqları zaman qarşılarına qoyduqları məqsədlərə uyğun qura bilməmələri qeyd olunur.

Bələdiyyələrin hesabatliliği və bələdiyyə orqanlarinin fəaliyyətinə nəzarət. Bu bölmə bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığın mövcud vəziyyətindən bəhs edir. Qeyd olunur ki, bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığı təmin edən müəyyən hüquqi mexanizmlər olsa da, onları tam təkmil hesab etmək olmaz. Bölmədə həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin mövcud vəziyyəti də öz əksini tapıb.

Nəticə və tövsiyələr. Sənədin yekun hissəsində Azərbaycanın mövcud yerli özünüidarə sisteminin təkmilləşdirilməsinə yönəlik konkret tövsiyələr öz əksini tapıb.

Sənədin hazırlanması zamanı müxtəlif metodoloji yanaşmalardan və məlumat mənbələrindən istifadə olunub. Belə ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları araşdırılıb, beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin hesabat və tövsiyələri təhlil edilib. Rəyin hazırlanmasında dövlət qurumlarının, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatlarından, Alyansa daxil olan təşkilatların ekspertləri tərəfindən hazırlanmış “Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya”dan (24) mənbə kimi istifadə edilib. Bundan başqa bələdiyyələrin fəaliyyətinin illər üzrə statistik göstəricilərinin təhlili aparılıb, Alyans üzvləri tərəfindən bölgələrdə aparılmış sorğu və müsahibələrin nəticələri emal edilərək rəyə daxil edilib. Alyansa daxil olan təşkilatların Bakı şəhərində və bölgələrdə bələdiyyələrin, bələdiyyə assosiasiyalarının, dövlət orqanlarının, QHTlərin və müstəqil ekspertlərin iştirakı ilə keçirdiyi ictimai müzakirələrdə səsləndirilmiş təkliflər rəyin hazırlanması zamanı nəzərə alınıb. Həmçinin qabaqcıl ölkələrin yerli özünüidarə təcrübəsi öyrənilib və yerli təcrübə ilə müqayisəsi aparılıb. Bununla yanaşı ayrı-ayrı illər üzrə göstəricilər və ölkə daxilindəki yerli özünüidarə orqanlarının təcrübəsi müqayisəli şəkildə təhlil olunub və bələdiyyələrin, dövlət orqanlarının, QHT-lərin təmsilçilərinin, müstəqil ekspertlərin və vətəndaşların rəyləri öyrənilib.
Rəy Alyansa daxil olan təşkilatların ekspertləri tərəfindən hazırlanıb. Bu prosesdə iştirak etmiş ekspertlərə və sənədin hazırlanmasına verdiyi dəstəyə görə Böyük Britaniyanın Oksfam Beynəlxalq humanitar təşkilatına təşəkkürümüzü bildiririk.

Rəyi yüklə
Tarix: 02 May 2009  |  Baxış sayı: 353


SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur

ELANLAR

ARXİV



Aprel 2009

May 2009