| PRESS RELİZ
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi fevralın 16-da Azərbaycan Media Mərkəzinin konfrans zalında «Yerli büdcələrin transfertləri: mövcud vəziyyət və yeni mexanizmlər» mövzusunda dəyirmi masa keçirib. Tədbir Oxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə həyata keçirilən «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərivəsində təşkil edilib.
Görüşün məqsədi barədə məlumat verən layihə koordinatoru Rövşən Ağayev bildirdi ki, təmsil etdiyi təşkilat hazırda büdcələrarası münasibətlərin təkmilləşdirilməsi ilə bağlı siyasət sənədi üzərindən işləyir. Sənədin məqsədi Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımlarının ayrılması mexanizmlərinin təkmilləşdirilməsinin mümkün variantlarını araşdırmaq və daha səmərəli variantı ortaya qoymaqdır. Sənədin hazırlanması çərçivəsində tədqiqatlar aparılıb, xarici təcrübələr öyrənilib, qanunvericilik ara şdırılıb və sorğular keçirilib. Bugünkü tədbirin də məqsədi həmin nəticələr barədə məlumat vermək və dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımının ayrılması mexanizmini təkmilləşdirilməklə bağlı ekspertlərin iştirakı ilə müzakirə aparmaqdır.
Layihənin eksperti Samir Əliyev «Yerli büdcələrin transfertləri: mövcud vəziyyət və yeni mexanizmlər» mövzusunda təddimat etdi. O, çıxışında dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımı ayrılmasının mövcud vəziyyətini şərh etdi. Onun fikrincə, qanunvericilikdə bələdiyyələrə bir sıra transfertlərin (dotasiya, subvensiya, subsidiya, ssuda) verilməsi nəzərdə tutulsa da, bunlardan yalnız biri- dotasiya tətbiq edilir. «Təəssüf ki, təcrübədə məqsədli transfertlərin ayrılmasına rast gəlinməyib. Bələdiyyələr yalnız dotasiyaya ümid edir. Dotasiyalar isə qanuna görə 2 meyar - əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında bələdiyyənin xüsusi cəkisi əsasında bölüşdürülür. Ancaq araşdırma göstərir ki, dotasiyaların bölüşdürülməsində bu meyarlar nəzərə alınmır. Orta hesabla hər rayona, hər bələdiyyəyə, adambaşına ayrılan dotasiyaların həcmini araşdırdıqda qarışıq bir mənzərə alınmır. Bilinmir ki, dotasiyalar hansı prinsiplə, hansı meyarla ayrılır. Elə bələdiyyə var eyni həcmdə dotasiya alır amma əhali sayı baxımından 3 dəfə fərq var. Və ya eyni əhalisi olan bələdiyyələr müxtəlif həcmdə maliyyə yardımı alır».
2007-ci ildə orta hesabla hər bələdiyyəyə düşən dotasiyanın həcminə görə şəhərlər üstünlük təşkil edir. Məsələn, 2007-ci ildə orta hesabla Mingəçevir bələdiyyəsi 27.200, Gəncə 19.533, Sumqayıt 10.567, Şirvan 8.550, Bakı bələdiyyəsi isə 8063 manat dotasiya alıb. Ölkə üzrə orta göstərici 1270 manat olub. Adambaşına düşən dotasiyanın
həcminə görə vəziyyət əksinə dəyişir. Burada artıq şəhər bələdiyyələri axıra keçir. Adambaşına düşən dotasiyanın həcminə görə Xızı rayonu (1,84 manat) liderlik edir. Lerikdə uyğun olaraq 1,26, Daşkəsəndə 1,11, Yardımlıda 1,05, Abşeronda isə 1,04 manat olub. 2007-ci ildə ölkə üzrə bələdiyyələrə adambaşı 41 qəpik xərclənib. Şəhərlərdə bu göstərici daha acınacaqlıdır. Mingəçevirdə 28 qəpik, Şirvanda 23 qəpik, Bakıda 22 qəpik, Gəncədə isə 20 qəpik olub. Halbuki Bakı şəhəri ümumilikdə dövlətdən aldığı dotasiyanın həcminə görə liderdir.
2000-ci ildə bələdiyyələr dövlət büdcəsindən 3,6 milyon, 2001-ci ildə 2,1 milyon, 2002-ci ildə 5 milyon, 2003-cü ildə 1 milyon, 2004-2005-cü illərdə 2 milyon, 2006-cı ildə 3 milyon, son illər isə 3,5 milyon manat alıb. S.Əliyev büdcənin ilbəil artımı fonunda transfertlərin həcminin sabit qalmasını da vurğuladı: «Əgər 2000-ci ildə həmin dotasiyaların dövlət büdcəsinin xərclərində payı 0,47% idisə, hazırda bu rəqəm kəskin azalaraq 0,03%-ə düşüb. Bu azalma dotasiyaların yerli büdcələrdə payında da özünü göstərib. Çünki 2002-ci ildə bələdiyyə büdcələrin 39%-ni dotasiyalar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 6 dəfə azalaraq 6,5%-ə düşüb. Xarici ölkələrə dotasiyaların yerli büdcələrdə payı 50%-dən çoxdur. Məsələn, bu rəqəm İtaliyada 65%, Yunanıstanda 60%, İspaniyada 59%, Almaniyada 55%, Litvada 88%, Çexiyada 76%, Slovakiyada 52% təşkil edir».
S.Əliyev bildirdi ki, tədqiqat nəticəsində aşağıdakı nəticələr alınıb:
• Dövlət büdcəsindən yerli büdcələrə yalnız məqsədsiz maliyyə yardımları verilir. Dövlət tərəfindən məqsədli maliyyə yardımlarının ayrılması praktikasına rast gəlinməyib
• Dövlətin məqsədli maliyyə yardımlarının bölüşdürlməsi və əldə edilməsi mexanizmləri mövcud deyil
• Dotasiyaların hansı meyarlar əsasında verilməsi məlum deyil. Bölgü «Hamıya eyni həcmdə dotasiya» prinsipi əsasında aparılır
• Bələdiyyələrin məqsədsiz maliyyə yardımına olan ehtiyaclarının hamısı ödənilmir
• Elə bələdiyyələr var ki, onların illik büdcəsinin yarısını dövlətdən aldığı cüzi dotasiyası hesabına formalaşır.
O, bildirdi ki, transfert sisteminin təkmilləşdirilməsi məqsədilə ilkin olaraq hökumətə aşağıdakı alternativlər təklif ediləcək:
1. Əlavə meyarlar tətbiq etməklə transfertlərin həcminin artırılması (mövcud vəziyyətin saxlanılması)
2. Məqsədli büdcə transfertlərin tətbiqi yolu ilə dövlətin maliyyə yardımı verməsi
3. Məqsədli büdcə transfertlərin verilməsi və paylı vergi sistemi tətbiqi (qarışıq sistem)
Natiq eyni zamanda bildirdi ki, hazırda dünyada məqsədsiz transfertlərlə yanaşı, məqsədlə transfertlər və paylı vergi sistemi tətbiq edilir. Bu baxımdan təklif olunacaq alternativlərdə məqsədli transfertlərin verilməsi və paylı vergi sisteminin tətbiq edilməsi tövsiyə olunacaq. O, paylı vergi sisteminin tətbiqi misalı kimi fiziki şəxslərdən gəlir vergisindən müəyyən faiz həmin ərazidə yerləşən bələdiyyənin büdcəsinə köçürülməsini göstərdi. |