“Bizdə həmişə “açıq qapı”dır. “Qaynar xətt” isə mənim mobil telefonumdur, həmişə açıqdır, nə vaxt zəng edirlər, düşürlər”, – bunu Sabirabad rayonunun Muğan Gəncəli, Cəngən, Çiçəkli, Salmanlı kəndlərinin bələdiyyə sədri Qabil Əliyev 2011-ci ildə dekabrın 19-dan 25-ə kimi keçirilən “Yerli demokratiya həftəsi”ndən danışarkən dedi.
Bələdiyyə sədrinin sözlərinə görə, "demokratiya həftəsi" boyunca əsasən kəndlərdə abadlıq işləri görülüb, yol kənarlarının təmizlənməsi işləri həyata keçirilib: “Biz, əsasən, dörd kəndi əhatə edirik. Bütün yol kənarlarını, mədəniyyət evinin kənarlarını abadlaşdırmışıq, təmizləmişik. Sırf demokratiya həftəsi ilə bağlı deyə bilərəm ki, bizdə həmişə “açıq qapı”dır, ilboyu kim nə vaxt istəyir, nə tədbir görmək lazımdırsa, müraciət edirlər. “Qaynar xətt” isə mənim mobil telefonumdur, həmişə açıqdır, nə vaxt zəng edirlər düşürlər. Bizdə elə şikayət yoxdur, lazım olan işləri deyirlər ki, filan yerdə filan işi görmək lazımdır. Biz də gücümüz çatanı edirik, çatmayanı da icra hakimiyyətinə deyirik”.
“Yerli demokratiya həftəsi” Avropa Şurasına üzv ölkələr tərəfindən 2007-ci ildən keçirilir. İldə bir dəfə keçirilən “demokratiya həftələri”nin əsas məqsədi bələdiyyə üzvləri ilə icma arasında əlaqələri möhkəmləndirmək, demokratik prosesdə iştirakı artırmaq, vətəndaşları ictimai işlərə cəlb etmək, onların yerli demokratiya institutları barədə biliklərini genişləndirmək, bələdiyyələrin vətəndaşların ehtiyaclarını, gözləntilərini dinləməsinə şərait yaratmaqdır.
Yerli İdarəetmə üzrə Avropa Xartiyası oktyabrın 15-də qəbul edildiyindən “Demokratiya həftəsi” oktyabrın 15-i olan həftəyə salınır. Avropa Şurasına üzv ölkə kimi Azərbaycanda da hər il bələdiyyələr “Yerli demokratiya həftəsi” keçirir. 2011-ci ildə Avropada 10-16 oktyabra salinan həftə Azərbaycanda dekabrın 19-dan 25-ə kimi keçirilib. Həftənin proqramına əsasən, bələdiyyə ərazisində vətəndaşlarla toplantılar keçirilməli, onlara 2011-ci ildə görülən işlər, yerli büdcə və 2012-ci ildə görülməsi planlaşdırılan layihələr barədə məlumat verilməli, insanların sıx toplaşdığı yerlərdə poçt qutuları yerləşdirilməli, küçələrə, ictimai binalara “Bələdiyyə və vətəndaşlar arasında əlaqələri gücləndirək”, “Yerli Demokratiya Həftəsində aktiv iştirak edək”, “Vətəndaşları yerli özünü idarədə iştirak üçün həvəsləndirək” afişaları asılmalı idi. Bundan başqa, bələdiyyə daxilində “açıq qapı” günləri və sakinlərin qəbulunu təşkil etməli, “qaynar xətt” yaradılmalı, gələn zənglər cavablandırılmalıdır.
Azərbaycan bələdiyyələrində “demokratiya həftəsi” müxtəlif cür təşkil olunub. Sabirabad rayon Muğan Gəncəli, Cəngən, Çiçəkli, Salmanlı kəndlərinin bələdiyyəsindən fərqli olaraq, Şamaxı Quşçu kəndinin bələdiyyə sədri Sərxan Sərxanovun sözlərinə görə, 19-25 dekabrın tarixlərində bələdiyyədə “açıq qapı” günləri təşkil olunub və sakinlər ərizələrlə bələdiyyəyə müraciət edib: “Əhali müraciət etdi, hardasa on-on beş ərizə daxil oldu. Əsasən, sosial problemlərlə bağlı oldu. Qazla bağlı bir-iki problem vardı, yurdlar vardı onlara qaz çəkmək çətin idi, onu da həll elədik. “Qaynar xətt” yaratmışdıq, müraciət edən olmayıb, ancaq yazılı müraciət olub. Uzaq kənddir deyə, bizdə telefonla əlaqə yoxdur. Həftə ərzində özünü idarə ilə bağlı vətəndaşların fəallığını artırmaq üçün binanın qarşısında plakatlar asıb, qutular qoymuşduq. Sakinlərlə iclas etdik və müzakirə etdik ki, iki kilometr kəndarası yol çəkəcəyik”. Quşçu kənd bələdiyyəsinin sözlərinə görə, vətəndaşlara bələdiyyənin illik hesabatı da təqdim edilib.
Balakən rayonun Mahamalar kənd bələdiyyəsində isə sakinlərlə büdcə müzakirəsi aparılmayıb. “Demokratiya həftəsi”ndə nəzərdə tutulan iclas 2012-ci ilin yanvarına keçirilib. Proqramda nəzərdə tutulan digər işlər isə yerinə yetirilib. Bələdiyyənin baş mühasibi Xalisət Əmirəliyevanın sözlərinə görə, onlar gördükləri işlər barədə rayon icra hakimiyyətinə arayış veriblər:
“Kəndin qaz, işıq, su problemi ilə bağlı bir həftə ərzində daxil olan ərizələr vardı. Bir qadından arxın təmizlənməsi ilə bağlı ərizə daxil olmuşdu, onu qazdırdıq. Geri qalan ərizələrlə bağlı isə lazım olan təşkilatlara məktub göndərdik. Qutu qoymuşduq, məktublarını gətirib o qutuya atıblar. “Açıq qapı” günləri keçirdik, amma onsuz da hər gün gəlib müraciət edirlər. “Qaynar xətt”in nömrəsi var, zəng eləmirlər. “Demokratiya həftəsi”ndə binanın qabağında da plakat asmışdıq”.
Bakının Sahil qəsəbəsinin bələdiyyə sədri Şükran Əliyevin sözlərinə görə, bələdiyyə “Yerli demokratiya həftəsi”ndə “Bələdiyyə-vətəndaş əlaqələrini möhkəmləndirək” və “açıq qapı” şüarı altında işləyib, bələdiyyənin özündə qaynar xətt yaradılıb, vətəndaşlarla bələdiyyə üzvləri və qulluqçuları arasında görüşlər keçirilib. Vətəndaşları narahat edən səbəblər dinlənilib, təklif və iradlar qəbul olunub. Sədr deyir ki, “demokratiya həftəsi”ndə “Müşfiq” Əlillər Cəmiyyəti tərəfindən bələdiyyəyə müraciət olunub, əlil uşaqlara yeni il hədiyyəsi olaraq büdcədən kənar, daxili imkanlar hesabına oyuncaqları ilə birlikdə şam ağacı alınıb. Şəhid ailələri Daşdəmirov Şakir Eyyub oğlu, Əliyev Ramil Məmməd oğluna bələdiyyə hesabına dərmanlar alınıb, şəhid abidəsinin önünə iki maşın çınqıl tökülüb:
“Əhalini narahat edən sahibsiz itlər məsələsinə görə, Bakı şəhər Quduzluğa Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxlayıb onları dəvət etmişik. Əlliyə yaxın sahibsiz it qəsəbə ərazisindən vurularaq götürülüb. Bundan başqa sakinlərlə görüş olub, bələdiyyənin növbəti ildəki büdcəsi müzakirə olunub, onlara hesabat verilib. Mənə elə gəlir ki, indi bələdiyyənin pafosla danışması hazırda mümkün deyil, ancaq əhali də, rayon rəhbərliyi də gələcəyə nikbin baxırıq. Demokratiya həftəsi ərzində biz əhaliylə dəyirmi masa keçirdik, ağsaqqallar şurası, yerli icra nümayəndəsi ilə orada müəyyən problemlər müzakirə edildi. Bizim planımız var ki, əhaliylə işləmək üçün qəsəbədə məhəllə komitələri yaradaq”.
Şükran Əliyevin sözlərinə görə, həftənin proqramına uyğun olaraq poçt qutusu yaradılaraq bələdiyyədə iki yerə qoyulub: ““Bələdiyyə-vətəndaş əlaqələrini möhkəmləndirək” və “Açıq qapı” şüar şəklində yazıldı və böyük səviyyədə olmasa da, elan şəklində yerləşdirdik. İcra hakimiyyəti və Bələdiyyələrlə iş mərkəzinə hesabatımızı verdik. “Demokratiya həftəsi”nin proqramı birbaşa İcra hakimiyyəti və Milli Assosiasiya tərəfindən gəldi. Biz də ideal olmasa da, əlimizdən gəldiyi şəkildə həyata keçirdik”.
Buzovna bələdiyyəsinin sədr müavini Əfrasiyab Əmirov “Yerli demokratiya həftəsi” ərzində qəsəbədəki 322, 234, 206, 125 saylı orta məktəblərdə, 4 nömrəli uşaq incəsənət məktəbində məktəbin kollektivi və sakinlərlə görüşlər keçirildiyini deyir. Onun sözlərinə görə, sakinlərə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən qəsəbədə görülən abadlıq-quruculuq işləri ilə bağlı, eyni zamanda 11 ay ərzində bələdiyyənin həyata keçirdiyi və 2012-ci ildə planlaşdırılan tədbirlər haqqında məlumat verilib: “Biz iclaslar keçirib, sakinləri məlumatlandırırdıq, onların arzu, təkliflərini qeydə alırdıq. Hazırda məndə olan protokola görə, on iki sual əsas götürülərək qəsəbə üzrə bələdiyyənin tədbirlər planına salınıb. Hansı məsələləri həll etmək bələdiyyənin səlahiyyətləri çərçivəsindədirsə, bələdiyyə edəcək, qalanları isə nəqliyyat, qaz, su problemləri ilə bağlı əlaqədar təşkilatlara yönəldilib. Həftə ərzində afişalar yox, tədbir keçirdiyimiz yerlərdə “Demokratiya həftəsində fəal iştirak edək” yazılı bir plakat asırdıq ki, sakinlər tanış olsunlar. 453 04 15 nömrəsi də qaynar xətt idi, sakinlər zəng edirdilər. Sırf həmin günlərdə gələn zəngləri dəftərdə qeyd edirdik ki, görək əsas problemlər nədir”. Əfrasiyab Əmirov deyir ki, əsas gördükləri işlər cərgəsinə əhalinin məhəllələrdə təşkilatçılığını artırmaq üçün aparılan maarifçilik işləri daxildir.
Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova da bildirdi ki, həftənin proqramına əsasən, sakinlərlə bələdiyyə üzvlərinin görüşləri keçirilib, hər gün “açıq qapı” günləri təşkil edilib, inzibati binanın giriş qapısına və əhalinin sıx yaşadığı yerlərə “ “Yerli demokratiya həftəsi”ndə fəal iştirak edək” yazılı elanlar yapışdırılıb: “454 59 83 bizim “qaynar xətt”imiz idi, zənglər qəbul edirdik. Bundan başqa, binanın akt zalında görüşlər keçirildi, ictimai fəallar, gənclərlə, 181, 183, 123 nömrəli məktəblərdə müəllim və şagirdlərlə görüşdük, “Yerli demokratiya həftəsi” barədə məlumat verdik”. Sevil Mansurovanın sözlərinə görə, bələdiyyənin 2012-ci ildə məişət tullantılarının yığılıb daşınması ilə bağlı müəssisə yaratmaq layihəsi var. Onun fikrincə, bu, həm bələdiyyə üçün maliyyə mənbəyi, həm də sakinlər üçün iş yeri ola bilər. Lakin hələ ki, tək gəlir yeri əmlak və torpaq vergisi olduğundan müəssisə yarada bilmirlər.
Rəna Allahverdiyeva
|