Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Kənd inkişafı və bələdiyyənin bu prosesdə rolu

Ekspertlərə görə, yerli özünüidarə qurumları dövlət-hakimiyyət orqanlarından daha çox iş görə bilər

Azərbaycanda kənd və kəndli sanki unudulmuş təsiri bağışlayır. Kəndlərlə bağlı aparılan siyasəti təhlil etdikdə Azərbaycanın vətəndaşlarının yarıya qədərini kənd əhalisi təşkil edən bir ölkə olduğunu təsəvvür etmək belə çətinləşir. Kəndin inkişafı istiqamətində hər hansı xüsusi plan, fəaliyyət müşahidə edilmir. Bəs kənd inkişafı nədir? İnkişaf etmiş ölkələrdə bu necə baş verir? Nəhayət, yerli özünüidarə qurumlarının (bələdiyyələrin) bu prosesdə rolu nədən ibarət ola bilər?


Rövşən Ağayev: “Azərbaycanda kənd inkişafı ilə bağlı çox ciddi problemlər var”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, yerli özünüidarə qurumlarının inkişafı üçün bünövrə onların ərazi vahidləri, bizim ölkəmiz kimi ölkələrdə isə kəndlərdir. Ekspert bildirir ki, kəndin inkişafına nail ola bilməyən ölkələrdə heç vaxt balanslaşdırılmış regional inkişafa nail olmaq mümkün olmur: “Fikir versəniz görərsiniz ki, təxminən 70-ci illərdən sonra kənd inkişafının dünyada önə çıxması və ayrıca bir siyasət obyektinə çevrilməsi müşahidə olunmağa başlayıb. O illərdə Avropa Birliyi ekspertləri səviyyəsində kənd inkişafına yönəlik xüsusi strategiyalar, alətlər işlənməyə və artıq 80-ci illərdə birliyə üzv olan ölkələrdə milli hökumətlər səviyyəsində ayrıca olaraq kənd inkişafı proqramları qəbul etməyə başlandı. O dövrdən indiyə qədər AB ölkələri uzunmüddətli kənd inkişafı proqramları həyata keçirirlər. Ən son proqram 2007-ci ildə qəbul olunub və 2007-2013-cü illəri əhatə edir. Üstəlik, artıq birlik ekspertləri səviyyəsində 2013-dən sonrakı Avropa kəndinin necə olacağı ilə bağlı müzakirələr gedir. İlkin yanaşmalar məlumdur və ümumi baxış bundan ibarətdir ki, kənd iqtisadiyyatının diversifikasiyası son dərəcə sürətlənməlidir, kənd təsərrüfatından kənar iqtisadiyyatın kəndlərdə rolu artmaqda davam etməlidir, kənddə rəqabət qabiliyyətli işçi sayı, ali təhsillə təminat sürətlə artmalıdır. Yəni Avropada kənd inkişafı ilə bağlı ciddi narahatçılıqlar var. Hətta ayrı-ayrı ölkələr kəndlərin sosial infrastruktu ilə bağlı özləri üçün ciddi öhdəliklər müəyyənləşdiriblər”.

R.Ağayevin sözlərinə görə, müqayisələr göstərir ki, Azərbaycanda kənd inkişafı ilə bağlı çox ciddi problemlər var: “Əvvəla, bizim kəndlərimizin sosial infrastrukturla bağlı təminatı yox səviyyəsindədir, səhiyyə müəssisələrinin vəziyyəti qətiyyən ürəkaçan deyil. Məsələn, ən son apardığımız araşdırma göstərir ki, 2011-ci ildə ali məktəbə qəbul olunmuş 22700 nəfər orta məktəb məzunundan cəmi 25 faizi kəndlərin payına düşür. Halbuki orta məktəbi bitirən şagirdlərin içərisində kəndlərin payı 50 faizdir. Bu, o deməkdir ki, kənddə ali məktəbə qəbul olma əmsalı şəhərlə müqayisədə 50 faiz geridə qalır. Kommunal infrastrukturla bağlı ciddi problemlər mövcuddur. Araşdırmalar göstərir ki, bu gün Azərbaycan kəndlərinin ən azı 70-75 faizinin içməli su ilə bağlı bu və ya digər formada çətinliyi var. Ya ümumiyyətlə su mənbəyi yoxdur, ya həddən artıq uzaqdadır, yaxud da keyfiyyətə nəzarət yoxdur. İstiliklə təminat onu kimi, uzaqbaşı 30-35 faizin əlçatanlığı var, elektrik təminatı da eyni qaydada. Yol təminatından ümumiyyətlə danışmaq mümkün deyil. Hökumətin rəsmi statistikasında kənd yolları ilə bağlı heç bir məlumat verilməsə də, aparılan araşdırmalar göstərir ki, ən yaxşı halda bu gün Azərbaycanda 15-20 faiz kəndin asfalt örtüklü yolla təminatı var. Bu məlumatlar onu göstərir ki, bu gün Azərbaycan kəndinin siması çox qara rəngdədir və bu simanın dəyişdirilməsi üçün hökumətin kənd inkişafı ilə bağlı ciddi addımlar atmasına, regional inkişaf proqramlarından başqa ayrıca olaraq proqram qəbul etməsinə ehtiyac var”.

Ekspertin qənaətincə, bu problemlərin mövcudluğunun başlıca səbəbi odur ki, kəndin idarə olunması düzgün qurulmayıb: “Beynəlxalq təcrübə və aparılan araşdırmalar göstərir ki, hətta böyük miqdarda vəsait xərclənsə belə, kəndin idarə olunması düzgün qurulmayacaqsa, bələdiyyələr vasitəsi ilə icmalara özünü, kəndin iqtisadiyyatını, kommunal infrastrukturu idarə etmək üçün muxtar hüquqlar verilməyəcəksə, kəndin idarəolunmasını həyata keçirmək üçün zəruri həcmdə maliyyə ayrılmayacaqsa irəliləyiş olmayacaq. Ona görə də dünya təcrübəsindən doğan yanaşma budur ki, idarəetmə vətəndaşa yaxınlaşmalıdır. Bu isə yerli özünü idarəetmə vasitəsi ilə baş verə bilər.

Azərbaycanda ümumiyyətlə qanunvericilikdə dəyişiklik edilməlidir və bələdiyyələr inzibati ərazi vahidləri üzrə məyyən olunmalıdır.  Çünki inkişaf etmiş ölkələrin hamısında bu belədir, kənd deyəndə bələdiyyə yada düşür. Amma bizim “İnzibati ərazi bölgüsü haqqında” qanuna nəzər salsanız görərsiniz ki,  kənd yerlərində ancaq ki, dövlət hakimiyyət orqanlarının yaradılması nəzərdə tutulur, ümumiyyətlə bələdiyyələrə hakimiyyət orqanı səlahiyyətləri tanınmır. O baxımdan bizim yanaşmamız ondan ibarətdir ki, ilk növbədə Azərbaycanda kəndin statusu müəyyənləşməlidir. Məsələn, bizim qanunvericiliyimizdə əhali sayına və əhali sıxlığına görə kənd-şəhər bölgüsü həyata keçirilmir.  Halbuki AB-nin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yanaşması budur ki, kənd yerlərinin əhali sayına və əhali sıxlığına görə statusu olmalıdır”.


Nazim Məmmədov: “Bələdiyyə institutunun kəndin inkişafında müstəsna rolu ola bilər”

İqtisadçı-ekspert, sabiq deputat Nazim Məmmədovun sözlərinə görə, artıq 3-cü çağırış bələdiyyənin formalaşmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bələdiyyələr Azərbaycanın mütləq əksəriyyətinin gözləntilərini hələ də doğrulda bilməyib: “Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər dedikdə təbii ki, ilk növbədə yerli hakimiyyət orqanlarının hələ də dominant mövqedə olmasını qeyd etmək olar. Eyni zamanda bəzi bələdiyyələr hələ öz ərazilərinin xəritəsinə belə malik deyillər. Halbuki 1999-cu ilin dekabrında mərhum prezident Heydər Əliyev fərman verərək 3 ay ərzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bələdiyyələrin xəritələrinin təqdim olunmasını tapşırmışdı. Müxtəlif səbəblərdən bu, çox yubandı. Əsasən də əhalinin ən sıx məskunlaşdığı Bakıda ayrı-ayrı rayonlar, kəndlər və qəsəbələr üzrə bələdiyyələr öz torpaqlarından qanuni əsaslar olmadan istifadə etməyə başladılar. Nəticədə Bakının hətta neftindən bahalı olan torpaqları bu və digər formada müxtəlif qrupların, insanların əlinə keçdi”.

N.Məmmədovun fikrincə, Bakı və ümumiyyətlə böyük şəhərlər ətrafında tərəvəz və digər bitkilərin istehsalı üçün torpaq sahələrinin olması vacibdir: “Ancaq çox pis nəticədir ki, Bakı və Bakıətrafı torpaqlar tikinti meydançalarına çevrildi. Bələdiyyələr mövcud qanunvericilik çərçivəsində hətta öz torpaqlarını satmaq, icarəyə vermək üçün yerli icra hakimiyyətindən, müvafiq dövlət qurumundan arayış almalı idilər. Təəssüf ki, bu anormallıq indiyə qədər də davam edir”. Ekspertin sözlərinə görə, xüsusilə kəndlərdə bələdiyyə sədrləri, bələdiyyədə təmsil olunan adamlar əsasən keçmiş sovxoz və kolxozların direktorları və onların tabeçiliyində işləmiş insanlardır: “Millət vəkilliyi dönəmində mən şahidi olmuşdum, icra başçısı bir qəbul, tədbir keçirirsə bütün bələdiyyələrin sədrləri orda iştirak etməli və hesabat verməlidir. Baxmayaraq ki, onlar yerli özünüidarənin ayrı-ayrı qollarıdır. Bu adamların psixologiyasını dəyişdirmək üçün maarifləndirmə işi güclü olmalı idi. Biz gözləyirdik ki, beynəlxalq təşkilatların tövsiyəsi ilə yaradılan bələdiyyə assosiasiyaları (kənd, qəsəbə və şəhər) bu pərakəndəliyi aradan qaldıraraq bələdiyyələrin statuslarını tanıtmaqda onlara köməklik edəcəklər. Amma təəssüflər olsun ki, bu assosiasiyalar da üzərlərinə düşən işi sona qədər apara bilmədilər. Düşünürəm ki, bələdiyyə institutunun kəndin inkişafında müstəsna rolu ola bilər. Çünki əslində yerli əhəmiyyətli bütün məsələlərin həlli elə bələdiyyələrin üzərindədir. Onlar müəyyən maliyyə qaynaqlarının olması və icmaların dəstəyi olan şəraitdə böyük nüfuz sahibi ola bilərlər. Təbii ki, doğru-dürüst işləsələr. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, yerli özünüidarə qurumlarının və icmaların razılığı olmadan heç bir böyük layihə həyata keçirilmir. O ölkələrdə bələdiyyələr əhali arasında nüfuzlu qurumlardır”.


Vahid Məhərrəmov: “Dövlət bələdiyyələrə şərait yaratsın...”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov indiki şəraitdə kənddə yaşayan əhalinin sosial durumunun yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması üçün bir sıra tədbirlərin məhz yerli özünüidarə orqanlarının funksiyasına aid olduğunu deyir: “Məsələ ondan ibarətdir ki, bələdiyyələrin öz mülkiyyətinə verilən torpaq sahələrində hər hansı istehsal prosesini həyata keçirmək, ordan qazanc götürmək və kəndin digər problemlərini həll etmək üçün imkanları, potensialları var. O başqa söhbətdir ki, bələdiyyəyə seçkilər demokratik keçirilmir, əsl işləyən, bacarıqlı, təşəbbüskar adamlar deyil, icra hakimiyyəti orqanlarının qərarları ilə hərəkət edən adamlar bələdiyyələrdə təmsil olunur. İndi elə bir bələdiyyə varmı ki, qanunvericilikdəki hüquqlarından, imkanlardan istifadə edib öz ərazisində kənd təsərrüfatı ilə məşğul olsun, kəndlilərin sosial-infrastruktur problemlərini həll etsin?! Bələdiyyələr banklardan kredit götürüb emal müəssisələri yarada bilərlər, kəndlərdə olan mal-qaranın südünü, qatığını əhalidən toplayıb emal etməklə qazanc götürə bilərlər. Bu, həm də işsizliyin aradan qaldırılmasında bir mənbə rolunu oynaya bilər. Bizim kənd təsərrüfatında bilirsiniz ki, keyfiyyətli toxum problemi var. Xaricdən toxum, texnika gətirilməsində, yerlərdə realizə olunmasında bələdiyyənin geniş imkanları var. Əslində əvvəlki sovxoz, kolxozun yerinə yetirdiyi funksiyanı indi yerli özünüidarə qurumları həyata keçirə bilər. Bu gün kəndlərdə həm heyvandarlıqda, həm bitkiçilik sahədinsə pərakəndəlik mövcuddur. Bələdiyyələr təşəbbüs göstərib həm istehsalla, həm satışla, həm xidmətlə bağlı kooperativlər yarada bilərlər. Təəssüflər olsun ki, yerli özünüidarə qurumları indi bu kimi təşəbbüslər göstərmirlər. Bu qurumlara fəal vətəndaşlar seçilsə, qeyd olunanlar onların fəaliyyətində əks olunar və bələdiyyələr kənd inkişafında, yerli sosial-iqtisadi problemlərin həllində çox böyük rol oynaya bilərlər”. Ekspertin qənaətincə, hökumət bütün bu işləri öz üzərinə götürsə də öhdəsindən gələ bilməz: “Çünki bunlar həm olduqca mürəkkəb, həm də mərkəzdən uzaqda gedən proseslərdir. Ona görə də hakimiyyət bələdiyyələrə bu şəraiti yaratmalıdır”.


Bələdiyyə sədrləri maliyyə istəyirlər

Bərdə rayon Çələbilər kənd bələdiyyəsinin sədri Əyyub Əhmədov kəndin inkişafında bələdiyyələrin rolunun əvəzsiz olduğunu deyir. Onun sözlərinə görə, indiki şəraitdə kənd bələdiyyələri əsasən yol və içməli su problemi ilə məşğul olmağa məcburdurlar. Sədri olduğu bələdiyyənin yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən Ə.Əhmədovun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində bir çox işlər görülüb, kənddə 32 evə içməli su çəkilib və sayğac qoyulub. Bütün bunlar bələdiyyə tərəfindən yaradılan MMC tərəfindən həyata keçirilib: “Xarici ölkələrdən gələn qonaqlar, mütəxəssislər də bu layihəni yüksək dəyərləndirirlər. Artıq “Azərsu” qarşısında məsələ qaldırılıb ki, bələdiyyələrlə bu sahədə əməkdaşlıq edilsin. Humanitar təşkilatlarla işini qura bilən bələdiyyələrdə bu cür layihələr reallaşdırılıb, hansılar ki, passivdi, onlarda problemlər hələ də qalmaqdadır”. Bələdiyyə sədrinin sözlərinə görə, QHT-lərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq tək maddi istiqamətdə deyil, maarifləndirmə, məlumatlandırma sahəsində də yerli özünüidarə qurumları üçün böyük üstünlüklər deməkdir.

Rayonun Körpüqıran kənd bələdiyyəsinin sədri Vidadi Əsədov bələdiyyələrin kənd inkişafında iştirak etmək üçün maddi imkanlarının olmadığını bildirib. V.Əsədovun sözlərinə görə, Körpüqıran bələdiyyəsi üç kəndi birləşdirir: “Torpaqdan əldə etdiyimiz vəsait cəmi 4 min manatdan bir az çox edir. Bu vəsait 3 kəndin sosial problemlərinin həllinə bəs etməz. Amma dövlət vəsaiti müəyyən qədər artırılsa kəndlərdə yolların bərpasına, içməli su probleminin həllinə diqqət ayırmaq olar. İnsanlarda elə bir psixologiya formalaşıb ki, bunların hamısını bələdiyyə etməlidir, amma bunun üçün bələdiyyənin maddi imkanı olmalıdır. Mən işlədiyim müddət ərzində bir sıra işlərin görülməsinə nail olmuşuq. Amma bunlar beynəlxalq təşkilatların dəstəyilə reallaşdırılıb. Məsələn, artezian qazılıb, yolların qum-çınqıl qarışığı ilə bərpası həyata keçirilib, bir neçə transformator qoyulub, 4 artezian bərpa edilib. Yəni bələdiyyələr öz səyləri ilə bunları edir, amma dövlət səviyyəsində görüləsi işlər də çoxdur. 2012-2013-cü illərdə bütün ölkənin qazlaşdırılması qarşıya məqsəd qoyulub. Baxmayaraq ki, rayon mərkəzindən 6-7 kilometr məsafədədir, bizim bələdiyyədə birləşən üç kənddə - Körpüqıran, Qasımbəyli və Muğanlı kəndlərində hələ də qaz boruları yoxdur”. V.Əsədov onu da qeyd edir ki, hazırda əhalini su sayğacları ilə təmin edib artezian suyu ilə təchiz olunması istiqamətində iş gedir.

V.Əsədovun sözlərinə görə, ötən 12 ildə ancaq xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində işlər görülüb: “Dövlət də müəyyən qədər kömək göstərsə böyük işlər görə bilərik. Allaha şükür, dövlətimiz varlı dövlətdir, bunu etmək olar. ”


Həbibə ABDULLA

Tarix: 23 Yanvar 2012  |  Baxış sayı: 23


ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
Müstəmləkə arqumentləri
-
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı

80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı