Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Abşeron torpaqları hərraca çıxarılır

Son 2 il yarımda bələdiyyə torpaqlarının satışı üzrə keçirilən 3894 hərrac və müsabiqənin 2159-u təkcə Abşeron rayonunun payına düşür

Azərbaycanda bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satışına dair mexanizmlərin tətbiqindən 3 il ötür. Ölkə başçısının sərəncamına əsasən, 2007-ci il dekabrın 1-dən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, icarəyə verilmə qaydalarına dəyişikliklər edilib. Belə ki, əvvəllər torpaqları bilavasitə bələdiyyələr satışa çıxarırdısa, sərəncamdan sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun 9-cu maddəsində “bilavasitə” sözü çıxarılıb. Nəticədə, bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqələr vasitəsilə mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qərara alınıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə 2009-cu ildən bu qaydaların tətbiqinə başlayıb.

Bəs, ötən 3 ildə bələdiyyə torpaqlarının hərrac və müsabiqələrlə satışının təşkili nəyi dəyişib? Torpaqların yeni qaydalarla satışı və icarəyə verilməsi yerli özünüidarə orqanlarının maliyyə vəziyyətinə necə təsir edib? Bu prosesdə fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi almaq istəyən hər kəs iştirak edə bilirmi?

Lent.az-ın əməkdaşı bu və ya digər suallara aydınlıq gətirmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin statistik məlumatları əsasında son 3 ildə torpaq sahələrinin satışı üzrə keçirilən hərrac və müsabiqələrin monitorinqini aparıb. Məlum olub ki, bələdiyyə torpaqlarının yeni qaydalarla ilk satışına 2009-cu ilin martında Binəqədi rayonunda 4 torpaq sahəsinin müsabiqəyə çıxarılması ilə başlanıb. Həmin ilin aprelində isə yeni qaydalarla ikinci torpaq satışı həyata keçirilib. Bu dəfə Abşeron rayonunda 4 həyətyanı torpaq sahəsi müsabiqəyə çıxarılıb. Ümumilikdə 2009-cu il ərzində bələdiyyə torpaqlarının satışı üzrə 903 müsabiqə, 111 hərrac keçirilib. Həmi il ən çox müsabiqə və hərrac (596 müsabiqə, 6 hərrac) Abşeron rayonunun payına düşüb. Bu sıralamada ikinci yerdə Salyan (8 müsabiqə, 44 hərrac), üçüncü yerdə Xaçmaz (29 müsabiqə) qərarlaşıb. Həmin il respublikanın 19 rayonunda və 1 şəhərində (Gəncə) hərrac və müsabiqə keçirilməyib. Ümumiyyətlə, 2009-cu ildə ölkənin iri şəhərləri arasında Bakıda 1 hərrac, Sumqayıtda 4 müsabiqə, Naftalanda 12 müsabiqə, Şirvanda 2 müsabiqə, Mingəçevirdə isə 18 müsabiqə keçirilib.

2010-cu ildə ölkədə bələdiyyə torpaqlarının satışı üzrə 1642 müsabiqə, 131 hərrac keçirilib. Bələdiyyə torpaqlarının yeni qaydalarla satışının ikinci ilində də ən çox hərrac və müsabiqələr Abşeron rayonunun payına düşür – 1043 torpaq sahəsinin hamısı müsabiqə yolu ilə satılıb. Bu sıralamada ikinci yerdə 99 müsabiqə ilə Şəmkir, üçüncü yerdə 71 müsabiqə ilə Bərdə gəlir. Həmin il iri şəhərlər arasında Şirvanda 21 müsabiqə, Sumqayıtda 11 müsabiqə, 4 hərrac, paytaxt Bakıda isə 1 hərrac keçirilib. 2010-cu ildə respublikanın 12 şəhər və rayonunda heç bir müsabiqə və hərrac keçirilməyib.

Artıq tarixə qovuşmuş 2011-ci il üzrə isə satışa çıxarılan torpaq sahələrinə dair məlumatlar yalnız ilin birinci yarısında keçirilən hərrac və müsabiqələri əhatə edir. Komitənin statistik məlumatlarına əsasən, artıq geridə qalan 2011-ci ilin yanvarın 1-dən iyulun 15-dək olan dövründə ölkə üzrə 995 müsabiqə, 152 hərrac keçirilib. Bu dəfə də hərrac və müsabiqələrin sayına görə birinci yeri Abşeron rayonu tutub. Belə ki, ötən ilin birinci yarısında bu rayonda 514 torpaq sahəsinin hamısı müsabiqə yolu ilə satılıb. İkinci yerdə Şəmkir (74 müsabiqə), üçüncü yerdə isə Quba (48 hərrac, 1 müsabiqə) qərarlaşıb. Ötən ilin yanvar-iyul aylarında ölkənin iri şəhərləri arasında Şirvanda 11 müsabiqə, Sumqayıtda 4 müsabiqə, Mingəçevirdə 2 müsabiqə, Naftalanda 1 hərrac, 1 müsabiqə keçirilib.

Beləliklə, 2009-cu ildə 1014, 2010-cu ildə 1773, 2011-ci ilin yanvar-iyul aylarında 1107 hərrac və müsabiqə keçirilib. Bu isə son 2 il yarımda 3894 müsabiqə və hərrac deməkdir. Amma nə qədər qəribə olsa da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu hərrac və müsabiqələrlə satışa çıxarılan bələdiyyə torpaqlarının həcmini açıqlamır.

Diqqət çəkən məqamlardan biri isə odur ki, bələdiyyə torpaqlarının yeni qaydalarla satışının tətbiq olunduğu dövrdən bəri ən çox hərrac və müsabiqələr Abşeron rayonunda keçirilib. Belə ki, son 2 il yarımda torpaqların satışı üzrə keçirilən 3894 hərrac və müsabiqələrin 2159-u təkcə Abşeron rayonunun payına düşür. Bunun isə cəmi 6-sı hərrac, yerdə qalan 2153-ü müsabiqə olub.

Xatırladaq ki, hesabat dövründə ümumilikdə 3894 hərrac və müsabiqə keçirilib. Bunlardan 3540-ı müsabiqə, 394-ü isə hərrac olub.

Torpaq sahələrinin hərrac və müsabiqələrə çıxarılmasına dair məlumat

İllər
Müsabiqə
Hərrac
Cəmi
2009
903
111
1014
2010
1642
131
1773
2011
2330
329
2659
YEKUN:
3875
571
5446



Satılan torpaqların 80 faizi fərdi ev tikintisinə

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq bələdiyyə torpaqlarının hərrac və müsabiqələrlə satışının təşkilindən sonra bu sahədə ciddi dəyişikliklərin baş verdiyini söyləyir. Onun fikrincə, bu sahədə ən ciddi dəyişiklik odur ki, hərrac və müsabiqələrin təşkili həm də fərdi ev tikmək istəyənlərin qanuni torpaq sahələrinə sahib olmaq istəyənlərin sayı artıb. Bundan başqa, 2007-ci ilin dekabrın 1-dək rəsmi razılıq sənədləri olmadan bələdiyyə torpaqlarında fərdi ev tikənlər də həyətyanı sahələrini qanuniləşdirmək məqsədilə yerli özünüidarə orqanları vasitəsilə torpaqlarını müsabiqəyə çıxaranların da sayı çoxalır: “Ümumiyyətlə, hərrac və müsabiqələrin tətbiqindən sonra vətəndaşların bu sahəyə marağı xeyli artıb. Son 3 il üzrə keçirilən hərrac və müsabiqələrin təhlilləri də göstərilir ki, satışa çıxarılan torpaqların 80 faizdən çoxu fərdi mənzil tikintisi üçün nəzərdə tutulan torpaqlardır”.

Komitə rəsmisi hesab edir ki, hərrac və müsabiqələr torpaq bazarında əmlakın bu növünə dövlət və ictimai münasibətlərin tənzimlənməsinə, torpaqların mühafizəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsinə imkan yaradıb, şəffaflığı təmin edib: “Bunu nəticəsidir ki, son 3 ildə hərrac və müsabiqələrdə iştirak edənlərin sayı artıb. Çünki bu prosesin yekununda torpağa sahib olan şəxs mülkiyyət sənədlərin də əldə etmək hüququ qazanır”.

Komitə rəsmisi bildirir ki, 2010-cu illə müqayisədə ötən il daha çox hərrac və müsabiqə keçirilib. Belə ki, 2010-cu ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə ümumilikdə 1773 hərrac və müsabiqə təşkil olunmuşdusa, ötən il bu göstərici 2659 olub: “Biz 2010-cu ildə 1642 müsabiqə, 131 hərrac keçirmişik. 2011-ci ildə isə bu göstərici müvafiq olaraq 2330 və 329 olub”.

Abşeron liderdir

Son 3 ildə bələdiyyə torpaqlarının hərrac və müsabiqələr yolu ilə satışı üzrə rayonlar üzrə bölgüsünə gəlincə, Eldar Sadıqlı bu sırada Abşeron rayonun birinci yerdə olmasını təsadüfi saymır. Onun sözlərinə görə, fərdi mənzil tikmək istəyənlərin böyük əksəriyyəti məhz bu rayonun ərazisində yaşayanların payına düşür. Üstəlik regionlarda yaşayan bəzi vətəndaşlar da paytaxtda ən yaxın olan Abşeronda həyətyanı torpaq almağa daha çox üstünlük verir.

Mətbuat xidmətinin rəhbəri deyir ki, 2010-cu ildə Abşeron rayonunda 1043 torpaq sahəsi satılıb. Ötən il isə bu rayonda 1173 müsabiqə və hərrac keçirilib. Onun sözlərinə gərə, 2011-ci ildə torpaq satışı üzrə bölgələr arasında reytinq əvvəli ildəkindən o qədər də fərqlənməyib.

Komitə rəsmisi yeni qaydaların tətbiqindən sonra nə Bakıda, nə də regionlarda qanunsuz torpaq satışı faktlarına rast gəlinmədiyini deyir. Bununla belə, Eldar Sadıq vətəndaşları bu məsələdə ayıq-sayıq olmağa çağırır. Onun sözlərinə görə, 2007-ci ilin dekabrından bələdiyyələrə torpaq satmaq qadağan olunub: “Həmin tarixdən etibarən bələdiyyələr tərəfindən 5 il yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər istisna olmaqla digər hallarda müsabiqə və hərrac keçirilmədən torpaq sahələrinin bələdiyyələrin bilavasitə qərarları ilə satılması və icarəyə verilməsi qanunsuz haldır. Buna görə də vətəndaşlar torpaq üzərində mülkiyyət hüququ rəsmiləşməyənədək bələdiyyə qərarları ilə onlara ayrılmış torpaq sahələrində tikili və qurğu aparmamalıdırlar”.

Bələdiyyələrin qazancı nə?

Son 3 ildə bələdiyyə torpaqlarının satışından yerli özünüidarə orqanlarının əldə etdiyi gəlirlərə gəlincə, komitə rəsmisi bu məsələnin birbaşa aid olmadığının deyir. Eldar Sadıqov bildirir ki, müsabiqə və hərrac yolu ilə bələdiyyə torpaqlarının satışından əldə olunan gəlirlərin yalnız 2 faizi komitənin hesabına köçürülür. Yerdə qalan vəsait isə bütünlüklə torpaq sahəsinin aid olduğu bələdiyyələrə çatır: “Əslində vəsait bütünlüklə bələdiyyənin hesabında toplanır. Rəsmiləşmə zamanı bələdiyyə satılan torpağın dəyərinin 2 faizini komitənin hesabına köçürür”.

Maraqlıdır ki, indiyədək hərrac və müsabiqə yolu ilə satılan torpaq sahələrinin həcmi və təyinatı üzrə göstəricilər də açıqlanmır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bildirirlər ki, bu göstəriciləri təsnifatlar üzrə hesablamaq o qədər də asan məsələ deyil. Komitənin torpaq bazarının təşkili sektorunun müdiri Əsəd Nəsibov deyir ki, hərrac və müsabiqələrin tətbiq olunduğu dövr ərzində satılan torpaq sahələrinin həcmi barədə konkret rəqəm söyləmək üçün xeyli vaxt və əmək sərf etmək lazımdır: Onun sözlərinə görə, yeni qaydaların tətbiq olunduğu ilk dövrlərdə hərrac və müsabiqələrin sayı az olduğundan komitə bu rəqəmləri ümumiləşdirərək açıqlaya bilirdi: “Amma indi bunu hesablamaq üçün xeyli vaxt lazımdır. Çünki həm hərrac və müsabiqələrin sayı, həm də satılan torpaq sahələrinin həcmi ildən-ilə artır. Satışa çıxarılan torpaqların çoxu fərdi ev tikmək məqsədilə ayrıldığından onların orta həcmi 4-5 sot olur. Bəzən bələdiyyə torpaqlarının müsabiqə və hərraclar yolu ilə satışına dair bir gündə bizə 200-300 sənəd daxil olur. Bunların hamısını bir-bir hesablamaq və satılan torpaq sahələrinin həcmini müəyyənləşdirmək əksər hallarda fiziki baxımdan mümkün olmur. Ona görə də biz əsas diqqəti satılan torpaqların həcminə deyil, daxil olan sənədlərin araşdırılmasına yönəldirik. Yəni bu məsələ bizim komitə üçün o qədər də əhəmiyyətli deyil”.

Eltac İsazadə

Tarix: 23 Yanvar 2012  |  Baxış sayı: 24


ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
Müstəmləkə arqumentləri
-
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı

80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı