Avropanın hər yerində keçirilən tədbirlərin Azərbaycandakı əks-sədası
Ötən il dekabrın sonunda Azərbaycanda “Yerli demokratiya həftəsi” keçirilib. Soruşacaqsız ki, məgər demokratiyanın da yerlisi, yabançısı olur? Əslində, söhbət yerli özünüidarə orqanları olan bələdiyyələr tərəfindən keçirilən tədbirlər planından gedir.
“Yerli demokratiya həftəsi” Avropa Şurasının təşəbbüsü ilə eyni vaxtda bir neçə ölkələrdə keçirilən tədbirdir. İlk belə həftə 2007-ci ildə baş tutub. Bu layihə haqqında ilk dəfə elə həmin ilin mayında Strasburqda Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında eşitmişdim. Azərbaycandan olan jurnalistlərə bu barədə Konqres təmsilçisi Serj Epuye məlumat vermişdi. Demişdi ki, məqsəd yerli özünüidarə orqanlarının işi haqqında əhaliyə daha çox məlumat verməkdir: “İnsanlar anlamalıdırlar ki, bu orqanların effektiv fəaliyyəti demokratiyanın oturuşmasında və inkişafında mühüm rol oynayır. Əhali bu prosesdə – demokratiyanın bərqərar olmasında birbaşa iştirak etməli, yerli səviyyədə qərar qəbul edilməsinə təsir göstərməlidir”.
Layihə çərçivəsində yerli özünüidarə orqanları tərəfindən ictimaiyyətin müxtəlif qrupları üçün tədbirlər keçirilir: təqdimatlar, dəyirmi masalar, debatlar, açıq qapı günləri və s. Həmçinin, əyləncəli formatda tədbirlər də təşkil olunur: oyunlar, müsabiqələr. Əsas odur ki, insanlara yerlərdə idarəetmənin özəllikləri ilə bağlı məlumat verilsin.
İlk ildə həftə çərçivəsində keçirilən tədbirlər maraqla qarşılandığına görə, Avropa Şurası bu layihəni davam etdirmək qərarına gəlib. Beləliklə, hər ilin son aylarında Avropa Şurasının üzv ölkələrində yerli özünüidarə orqanları, bələdiyyələrin təşəbbüsü ilə xüsusi tədbirlər planı keçirilir.
AVROPADAN GERİ QALIRIQ
Azərbaycan da bu ölkələrin sırasındadır. Həm vətəndaşların maariflənməsi, həm də Avropaya inteqrasiya baxımından böyük əhəmiyyət kəsb edən “Demokratiya həftələrinə” bizdə də elə 2007-ci ildən start verilib. Adətən Avropada bu tədbirlər oktyabrın 15-nin düşdüyü həftə aralığında keçirilir. Çünki Yerli İdarəetmə üzrə Avropa Xartiyası məhz bu gün – 15 oktyabrda qəbul edilib. İlk layihə elə Xartiyanın qəbul edildiyi Valensiyada (İspaniya) start götürüb.
Amma Azərbaycanda “demokratiya həftələri” oktyabrda yox, daha gec aylarda, həm də iki ildən bir keçirilir. Məsələn, 2009-cu ildə bələdiyyə seçkiləri ilə əlaqədar tədbirlər noyabrda baş tutmuşdu. Bu dəfə isə ümumiyyətlə ilin son həftələrindən biri – 19-25 dekabr aralığı seçilib.
Yerli və Regional Hakimiyyətləri Konqresi bu il “Yerli demokratiya həftəsi”ni insan haqlarına həsr edib. Belə nəzərdə tutulub ki, həftə ərzində əsasən insan haqları, yerli qərar qəbulunda vətəndaşların iştirakına dair məlumat verilsin. Konqres bildirir ki, bir sıra hüquq və azadlıqlar mərkəzi hakimiyyət orqanlarının müstəsna imtiyazları deyil, onlar həm də yerli səviyyədə icra olunmalıdır. Azərbaycanda bu həftəlik harada və necə keçirilib – bu haqda məlumat almaq üçün Milli Bələdiyyələr Assosiasiyalarına müraciət etdik.
İNSAN HAQLARI ƏVƏZİNƏ İLLİK HESABATLAR?
Məlum oldu ki, Milli Bələdiyyələr Assosiasiyaları bu ilki “həftəliklə” bağlı bir neçə tövsiyə hazırlayıb. Amma bu tövsiyələrdən belə çıxır ki, bələdiyyələr “Demokratiya həftəsindən” əsasən illik hesabatların verilməsi üçün istifadə ediblər.
Məsələn, tövsiyələrdə qeyd olunur ki, bələdiyyələr vətəndaşlarla əlaqələri möhkəmləndirmək üçün 2011-ci ildə görülən işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar versinlər: “2012-ci ildə görüləcək işlər və həyata keçiriləcək layihələri müzakirə etmək üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirilsin. Bələdiyyə büdcəsinin müzakirəsi üçün də belə görüşlər təşkil olunsun”.
Milli Bələdiyyə Assosiasiyaları tövsiyə edir ki, bələdiyyələr “Yerli demokratiya həftəsi” çərçivəsində həm də “Açıq qapı” günləri elan etsinlər, vətəndaşları qəbul etsinlər. Həmçinin, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “Qaynar xətt” yaradılsın və onun nömrəsi elan edilsin.
HAŞİYƏ: Amma bütün bu tədbirlər elə qanunla bələdiyyələrin öhdəlikləri sırasındadır. “Bələdiyyələrin statusu haqqında” qanuna edilən son dəyişikliyə görə, bələdiyyələr yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq etdikdən sonra yerli əhalini də bu sənədlə tanış etməlidirlər. Hətta qanunda hesabatın yayılma formaları da göstərilir: elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. Yəni, onsuz da illik hesabat, əhali qarşısında hesabat vermək bələdiyyələrin vəzifələrindən biridir.
Həmin qanunun 3-cü maddəsinə görə, hər bir vətəndaşın istənilən vaxt bələdiyyəyə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ var. Hər bir vətəndaşın insan hüquq və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq ixtiyarı var.
Assosiasiyanın tövsiyəsində qeyd olunur ki, həftə ərzində bələdiyyələr əhalinin sıx toplaşdığı yerlərdə “Poçt qutuları” quraşdırsınlar. Tövsiyələrdən növbətisi ictimai yerlərə asılan plakatlarla əlaqəlidir. Təklif olunur ki, ictimai binalarda, küçələrdə üzərində “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Yerli demokratiya həftəsində fəal iştirak edək” və ya “Yerli özünüidarəetmədə vətəndaşların iştirakını təmin edək” kimi şüarları yazılmış plakat və transparantların asılsın.
NİZAMİ BƏLƏDİYYƏSİNDƏN 3 TƏDBİR
Belə plakatlardan birinə Nizami bələdiyyəsinin qarşısında rast gəldik. Bələdiyyənin girişində üzərində “Demokratiya həftəsi” yazılan poçt qutusu da bərkidilmişdi. Bu qutuya kimlər nə atıb, hansı təkliflər irəli sürüblər – bu haqda məlumat almaq üçün bələdiyyənin özünə müraciət etdik.
Binasının səliqəsi və bəzəyi baxımından bu bələdiyyəni nümunəvi adlandırmaq olar. Burada Heydər Əliyevə həsr olunmuş guşədən tutmuş uşaqların əl işlərindən ibarət mini sərgiyə kimi hər cür stendlərə rast gəlmək mümkündür. Bələdiyyənin fəaliyyətini əks etdirən fotolövhələr də öz yerində.
Bələdiyyənin şöbə müdiri Nurəli Rəhimov deyir ki, həftə ərzində poçt qutusuna müəyyən müraciətlər atılıb. Amma hələlik onlar saf-çürük edilmədiyindən, məktubların məzmunu barədə bir söz demək olmaz. Ümumilikdə, Nizami bələdiyyəsində demokratiya həftəsi çərçivəsində 3 tədbir nəzərdə tutulub. İlk tədbir – vətəndaşlarla görüş dekabrın 23-də baş tutub. Dekabrın 24-nə isə bələdiyyə ərazisindəki stadionda 140 nəfərin iştirakı ilə növbəti görüş nəzərdə tutulub. Elə bu tədbirdə iştirak edib əhalinin yerli özünüidarə haqqında nə düşündüklərini özümüz eşitmək qərarına gəldik. Amma...
GÖRÜŞ ƏVƏZİNƏ İDMAN YARIŞI
Bu tədbir planda yazıldığı kimi 140 nəfərin iştirakı ilə keçirilən görüş deyildi. Sadəcə bələdiyyənin təşəbbüsü ilə tikilən kiçik bir stadionda 2 yerli məktəbin futbol komandası arasında dostluq görüşü keçirilirdi. 214 və 229 saylı məktəblərin şagirdlərinin yarışından əvvəl bələdiyyənin sədri Vüqar Quliyev qısa çıxış edərək “Demokratiya həftəsi”nin mahiyyəti haqqında məlumat verdi. Sonra isə uşaqlar meydana çıxdılar. Görüşün sonunda komandaların hər ikisinə yeni futbol formaları hədiyyə olundu.
Görüşün təşkilində məqsəd uşaqlarda idmana həvəsi artırmaq, sağlam həyat tərzini təbliğ etmək, gənclərin asudə vaxtının təşkili ilə əlaqədardır. Belə görünür ki, “Demokratiya həftəsi”ndəki bu tədbirin əslində insan haqlarına o qədər də çox aidiyyəti yoxdur. Amma Nurəli Rəhimov bunda elə bir problem görmür. Dediyinə görə, Nizami bələdiyyəsi onsuz da daim əhali ilə əlaqədədir: “Vətəndaşlar məhlə komitələrinin vasitəsilə onları narahat edən məsələləri bələdiyyəyə çatdırırlar. Biz belə müraciətlər əsasında 60-a qədər blokun qapısında dəmir qapı qoymuşuq. Mütəmadi olaraq məhlədaxili yollarda abadlıq işləri gedir. Bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilərin hesabına 80 nəfər imkansız, yaşlı vətəndaşlara hər gün isti yemək göndərilir. Yas mərasimlərinin keçirilməsi üçün 150-200 nəfərlik çadırımız var”.
Şöbə müdiri hesab edir ki, bələdiyyə tərəfindən görülən hər bir iş onların əhali arasında nüfuzunun artmasına kömək edir. Odur ki, demokratiya həftələri bu işdə bələdiyyələr üçün əlavə vasitə sayıla bilər.
Yasamal bələdiyyəsi isə poçt qutusunu yerləşdirmək üçün ən gur yeri – H.Cavid adına parkı seçib. Burda qutuya yaxınlaşıb maraqlanan insanlara demokratiya həftəsi haqqında məlumat verilib. Bundan əlavə, 20 saylı orta məktəbdə müəllim və şagirdlərlə görüş təşkil olunub. Məhz bu görüş nəticəsində Yasamal bələdiyyəsi tərəfindən əlaçı şagirdlərə müəyyən məbləğdə təqaüd verilməsi haqda ilkin razılığa gəlinib.
SAYTLARDA XƏBƏRLƏR 2008-dən QALIB
Digər bələdiyyələrin nə işlər gördüyü ilə tanış olmaq üçün İnternet saytlarına müraciət etdik. Amma bircə Sumqayıt bələdiyyəsindən başqa heç bir digər orqanın saytında yenilənən xəbər tapmaq mümkün olmadı. Pirallahı, Badamdar, Xətai bələdiyyəsinin saytları ümumiyyətlə işləmir, Qobustan, Lökbatan, Müşfiqabad, Fatmayi, Pirəküşkül bələdiyyələrinin səhifələrində “Xəbərlər” bölməsi ümumiyyətlə boş idi. Zirə, Qobu, Novxanı, Saray, Məhəmmədi bələdiyyələrinin saytındakı xəbərlər isə 2008-ci ildən bəri dəyişdirilmirdi.
Yalnız Sumqayıt bələdiyyəsinin saytında yenilənən xəbərə rast gələ bildik. Buradakı məlumata görə, həftəliyin ilk günündə sədr Əbülfəz Babayevin iştirakı ilə açılış tədbiri keçirilib. Yerdə qalan günlərdə də hər gün məhlə komitələrinin vətəndaşlarla görüşü planlaşdırılıb. Görüşlərdə sosial yönlü layihələrin həyata keçirilməsində bələdiyyənin və məhəllə komitələrinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi və bu sahədə vətəndaşların rolunun artırılması yolları haqda müzakirələr aparılıb. Seçicilərin rəy və təklifləri, məhəllə komitələrinin müraciətləri əsasında yerli problemlərin həllində ictimaiyyətin və məhəllə komitələrinin rolunun artırılması. Amma Sumqayıt bələdiyyəsinin bu cür aktiv fəaliyyəti anlaşılandır. Axı bu bələdiyyə sədri həm də Şəhər Bələdiyyələri Milli Assosiasiyasına rəhbərlik edir.
LAYİHƏYƏ NEÇƏ BƏLƏDİYYƏNİN QATILDIĞI BİLİNMİR
Mətbuatda bu ilki “Yerli demokratiya həftəsində” hansı bələdiyyələrin hansı tədbirlər keçirməsi haqda heç bir məlumat yoxdur. Bələdiyyələrin Milli Assosiasiyalarından layihədə iştirak edən bələdiyyələrin dəqiq sayını öyrənmək də mümkün olmadı. Məlum oldu ki, hələlik layihənin yekunları ilə bağlı hansısa sənəd-filan da yoxdur.
Azərbaycanda bundan əvvəl 2009-cu ildə “Demokratiya həftələri” keçirilib. Amma köhnə məlumatlardan görünür ki, o vaxt keçirilən tədbirlərlə indikilər arasında xüsusi bir fərq yoxdur. Onda da “Açıq Qapı” günləri, “Qaynar xətt”lər təşkil olunub. Dəyişən yalnız mövzu olub. Belə ki, 2009-da “Demokratiya həftələri” bələdiyyə seçkilərinə həsr edilib.
Fərəh SABİRQIZI
|