“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının Əsasnaməsi
I.Ümumi müddəalar
1.1.“Bələdiyyələrin inkişafı naminə” QHT alyansı (bundan sonra “Alyans” adlanacaq) Azərbaycan Respublikasında yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən milli qeyri-hökumət təşkilatının yaratdığı könüllü ittifaqdır.
1.2.Alyansın fəaliyyəti özünüidarə, üzvlərinin hüquq bərabərliyi, könüllülük, aşkarlıq və demokratiklik prinsiplərinə əsaslanır.
1.3.Alyansın tam adı: “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı.
1.4.Alyansın qısaldılmış adı: BİNA
1.5.Alyansın yerləşdiyi yer: Bakı şəhəri
1.6.Alyansın təsisçiləri:
“Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi
İqtisadi Tədqiqatlar Mərkəzi
“Mülki cəmiyyətə doğru” Mərkəzi
“Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi
“Multimedia” Informasiya Sistemləri və Texnologiyaları Mərkəzi
“Qadınlar arasında həmrəylik” İctimai Birliyi
II. Alyansın məqsəd və vəzifələri
1. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaqdır.
2.1. Göstərilən məqsədlərə nail olmaq üçün Alyans aşağıdakı vəzifələri həyata keçirir:
a). yerli özünüidarənin inkişafı ilə bağlı QHT-lər tərəfindən icra olunan layihələrin keyfiyyətinin artırılmasına nail olunması;
b). layihələrdə təkrarçılığı aradan qaldırmaqla resurslardan səmərəli istifadənin təmin olunması;
c). intellektual potensialın və resursların ümumi istiqamətə yönəldilməsi;
ç). innovativ ideyaların, təşəbbüslərin müzakirəsi və onların layihə təkliflərinə çevrilməsi;
d). QHT-lərin hökumət və xarici donorlarla dialoqu zamanı mövqelərin gücləndirilməsi;
e). bələdiyyələrin problemlərinin cəmiyyətin diqqətində müntəzəm saxlanması.
2.2. Qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün Alyans:
a). yerli özünüidarə sisteminin təkmilləşdirilməsi, yerli özünüidarə orqanlarının maraqlarının müdafiəsi ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırır, rəy və təkliflərini verir;
b). məqsədləri və fəaliyyətləri barədə məlumatları sərbəst yayir, kütləvi informasiya vasitələri təsis edir, buklet, kitab və digər nəşrlər buraxır;
c). konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar, seminarlar, kurslar, sərgilər, xeyriyyə marafonları və başqa tədbirlər təşkil edir;
ç). alimləri, mütəxəssisləri, elmi təşkilatları cəlb etməklə yerli özünüidarə məsələləri üzrə tədqiqatlar aparır;
d). qanunla müəyyən olunmuş qaydada daşınar və daşınmaz əmlakları əldə edir, icarəyə götürür;
e). mükafatlar, fəxri adlar təsis edir;
ə). müvafiq beynəlxalq təşkilatlara və şəbəkələrə daxil olur;
f). qanunla qadağan olunmayan digər fəaliyyətləri həyata keçirir.
III.Alyansa üzvlük
3.1.Alyansın Əsasnaməsini qəbul edən və bu Əsasnamənin 3.2. maddəsinin tələblərinə cavab verən hər bir QHT Alyansa üzv ola bilər.
3.2.Alyansa üzv olmaq istəyən QHT aşağıdakı tələblərə cavab verməlidir:
a).yerli özünüidarənin inkişafı təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır;
b). təşkilat üzvlüklə bağlı müraciət edənə qədərki son üç il ərzində yerli özünüidarə ilə bağlı ən azı iki layihə icra etməlidir;
c). bələdiyyələrlə əməkdaşlıq təcrübəsinə malik olmalıdır;
ç). Alyansın məqsədlərinə uyğun fəaliyyətlərin həyata keçirilməsi üçün təşkilatın zəruri kadr potensialı olmalıdır;
d). təşkilat öz fəaliyyətində aşkarlıq və hesabatlılıq prinsiplərini əsas tutmalıdır;
3.3. Alyansa üzv olmaq istəyən təşkilat Alyansın Koordinasiya Şurasına yazılı ərizə ilə müraciət edir. Alyansa üzvlük məsələsinə Koordinasiya Şurasının iclasında baxılır. Alyans üzvlüyünə qəbul edilməyə dair qərar gizli səsvermə qaydasında Koordinasiya Şurası üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir. Üzv olan QHT-nin Alyansda təmsilçiliyi həmin QHT-nin qərarı ilə müəyyənləşdirilmiş şəxs tərəfindən həyata keçirilir.
3.4. Alyans üzvlərinin hüquqları:
a). Alyansın məqsəd və vəzifələrinə uyğun təklifləri, qərar layihələrini Ümumi Yığıncağın müzakirəsinə çıxarmaq, Alyansın qərarlarının hazırlanmasında və qəbulunda iştirak etmək;
b). Alyansın strukturlarında təmsil olunmaq;
c). Alyansın rəhbər orqanlarının fəaliyyəti haqqında məlumat almaq, bu orqanlara sorğu və təkliflərlə müraciət etmək;
ç). Alyansın tədbirlərində iştirak etmək;
d). Koordinasiya Şurasına yazılı bildiriş verməklə Alyans üzvlüyündən çıxmaq.
3.5. Alyans üzvlərinin vəzifələri:
a). Alyansın Əsasnaməsinə əməl etmək;
b). Alyansın qərarlarına əməl etmək;
c). yerli özünüidarəyə dair həyata keçirdiyi layihələrlə bağlı Alyansa məlumat vermək.
3.6. Alyans üzvlüyünə Koordinasiya Şurasının qərarı ilə aşağıdakı hallarda xitam verilir:
a). üzv olan QHT qanunvericiliyə uyğun olaraq birləşdikdə, ayrıldıqda və ləğv edildikdə;
b). Alyansın üzvü könüllü olaraq Alyansdan çıxmaq barədə müraciət etdikdə;
c). Alyansın üzvü Alyansın Əsasnaməsinin tələblərini kobud şəkildə pozduqda;
d) Üzrsüz səbəblərdən Koordinasiya Şurasının iclaslarında ən azı 3 dəfə ardıcıl olaraq iştirak etmədikdə.
3.7. Alyansın üzvü Alyansın tərkibindən çıxmazdan bir ay əvvəl özünün buqərarı barədəKoordinasiya Şurasına yazılı məlumat verir.
IV. Alyansın idarəetmə orqanları
4.1. Alyansın Ümumi Yığıncağı
4.1.1.Alyansın ali orqanı ildə 1 dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Ümumi Yığıncağa Alyans üzvü olan təşkilatlardan təmsilçilik norması Koordinasiya Şurası tərəfindən müəyyən olunur.
4.1.2. Alyansın növbədənkənar Ümumi Yığıncağı Alyans üzvlərinin 1/3 hissəsinin və Koordinasiya Şurasının tələbi ilə çağırıla bilər. Növbədənkənar Ümumi Yığıncağın gündəliyi onun çağırılması təşəbbüsü ilə çıxış edənlər tərəfindən təklif edilir. Növbədənkənar Ümumi Yığıncaq onun çağırılması barədə təşəbbüs irəli sürüldüyü vaxtdan 7 gün müddətində Alyansın Koordinatoru tərəfindən çağırılır.
4.1.3. Ümumi Yığıncağın bütün iclaslarının yeri, vaxtı və gündəliyi barədə üzvlər iclasa azı 3 gün qalmış Alyansın Koordinatoru tərəfindən məlumatlandırılır.
4.1.4. Alyansa üzv olmayan, lakin onun fəaliyyətinə maliyyə, texniki və təşkilati dəstək verən qurumlar Koordinasiya Şurasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarla onun işində müşahidəçi kimi iştirak edə bilərlər.
4.1.5. Alyans üzvlərinin 2/3 hissəsi iştirak etdikdə Ümumi Yığıncaq səlahiyyətli sayılır.
4.1.6. Ümumi Yığıncağın səlahiyyətləri aşağıdakılardır:
a). Alyansın təsis edilməsi;
b). Alyansın Əsasnaməsinin qəbul edilməsi, ona əlavə və dəyişikliklər edilməsi;
c). Alyansın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uzunmüddətli fəaliyyət proqramlarının müzakirəsi və təsdiqi;
ç) Alyansın Koordinasiya Şurasının seçilməsi;
d). Alyansın Koordinatorunun seçilməsi;
e) Koordinasiya Şurasının hesabatının dinlənilməsi və təsdiq edilməsi
ə). Alyansın Koordinatorunun hesabatlarının dinlənilməsi və təsdiq edilməsi;
f). Alyans üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğunluğuna, Alyansın əmlak və vəsaitlərindən istifadəyə nəzarətin həyata keçirilməsi;
g). Alyansın yenidən təşkili və ləğv edilməsi;
h). Alyansın fəaliyyəti ilə bağlı məsələlər üzrə digər qərarların qəbul edilməsi.
4.1.7. Alyansın Əsasnaməsi, ona əlavə və dəyişikliklər, Alyansa yeni üzvlərin qəbulu, Alyansın təsis olunması və ləğv edilməsi haqqında qərarlar Ümumi Yığıncaqda iştirak edən üzvlərin 2/3 səs çoxluğu ilə, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir.
4.2. Alyansın Koordinasiya Şurası
4.2. Ümumi Yığıncaqlarası dövrdə Alyansın idarəetmə orqanı Alyansın Kordinasiya Şurasıdır (bundan sonra Koordinasiya Şurası adlandırılacaq)
4.2.1. Koordinasiya Şurasının üzvləri Ümumi Yığıncaqda Alyans üzvlərini təmsil etmək səlahiyyəti verilmiş nümayəndələr içərisindən seçilir.
4.2.2. Koordinasiya Şurasının iclasları ən azı ayda bir dəfə hər ayın sonuncu həftəsinin cümə günü keçirilir.
4.2.3. Koordinasiya Şurasının növbədənkənar iclasları Koordinatorun təşəbbüsü və ya Koordinasiya Şurası üzvlərinin 1/3 hissəsinin tələbi ilə keçirilir.
4.2.4. Koordinasiya Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir
a). Alyansın cari fəaliyyətinin təşkili
b). Alyansa üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi;
c).operator təşkilatın seçilməsi;
ç). Alyans üzvləri arasında iş bölgüsünün aparılması;
d). Alyansın fəaliyyət istiqamətləri üzrə işçi qruplarının formalaşdırılması;
e). Koordinatorun fəaliyyəti üzrə məlumatların dinlənilməsi və müzakirəsi;
ə). Alyansın adından təqdim olunan layihələrin müzakirəsi;
i). Alyansın Ümumi Yığıncağının səlahiyyətlərinə daxil olmayan digər məsələlərin həlli
4.2.5. Koordinasiya Şurasının iclaslarına sədrlik aylıq rotasiya qaydasında Şurada təmsil olunan Alyans üzvləritərəfindən həyata keçirilir.
4.3. Alyansın Koordinatoru
4.3.1. Alyansın Koordinatoru Ümumi Yığıncaq tərəfindən yenidən seçilmək hüququ ilə 1 il müddətinə seçilir. Bir şəxs yalnız 2 dəfə ardıcıl olaraq koordinator seçilə bilər.
a). Ümumi Yığıncağın və Koordinasiya Şurasının qərarlarının yerinə yetirilməsini təmin etmək;
b). dövlət hakimiyyəti orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, donorlar və digər yerli və beynəlxalq təşkilatlarla münasibətlərdə Koordinasiya Şurasının verdiyi səlahiyyətlər daxilində Alyansı təmsil etmək;
c). Alyans Koordinator kimi fəaliyyəti barədə Alyans üzvlərini müntəzəm məlumatlandırmaq;
ç). Alyans üzvlərinin və işçi qruplarının fəaliyyətini əlaqələndirmək.
4.3.3. Alyansın Koordinatorunun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilir:
a). könüllü istefa verdikdə və bu, Ümumi Yığıncağın qərarı ilə təsdiq olunduqda;
b). Ümumi Yığıncağın qərarı ilə onun təmsil etdiyi təşkilatın Alyansa üzvlüyünə xitam verildikdə;
c). Fəaliyyətsizlik göstərdikdə və vəzifələrinin öhdəsindən gələ bilmədikdə;
c). Alyansa ziyan vuran və onun məqsəd və vəzifələrinə zidd hərəkətlərə yol verdikdə.
4.4. Alyansın işçi qrupları
4.4.1. Koordinasiya Şurasının qərarı ilə Alyansın fəaliyyətlərinin müxtəlif istiqamətləri üzrə işçi qrupları yaradıla bilər.
4.4.2. İşçi qrupları Alyans tərəfindən həyata keçirilən layihələrin icrasında iştirak edir, təhlillər aparır, rəylər, təkliflər hazırlayır və digər fəaliyyətləri yerinə yetirir.
4.4.3. İşçi qruplarının tərkibinə Alyansa üzv olan təşkilatların təmsilçiləri ilə yanaşı, digər qurumların mütəxəssisləri və ekspertləri, eləcə də müstəqil ekspertlər daxil ola bilər.
4.4.4. Hər bir işçi qrupunun tərkibinə ən azı bir Alyans üzvünün təmsilçisi daxildir.
4.4.5. İşçi qruplarının fəaliyyətini Alyansın Koordinatoru əlaqələndirir.
V. Alyansın əmlakı və maliyyə vəsaitləri
5.1. Alyansın fəaliyyətinin təmin olunması və onun qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsi məqsədilə operator təşkilatın hesabına keçirilmiş maliyyə vəsaiti və əmlak Alyansın əmlakı və maliyyə vəsaiti hesab olunur.
5.2. Alyans qanunvericiliklə qadağan olunmayan əmlaka və maliyyə vəsaitlərinə malik ola bilər. Alyans malik olduğu əmlakı və maliyyə vəsaitlərini yalnız Əsasnamədə nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edə bilər.
5.3. Alyansın əmlakının və maliyyə vəsaitlərinin yaranma mənbələri aşağıdakılardır:
a). müxtəlif tədbirlərin və layihələrin həyata keçirilməsi üçün verilən məqsədli ödəmələr;
b). sponsor yardımları, qrantlar, fiziki və hüquqi şəxslərin digər könüllü ianələri;
c). göstərilən xidmətlərdən, görülən işlərdən əldə edilən gəlirlər;
ç).qanunla qadağan olunmayan digər mənbələr.
5.4.Alyansın maliyyə fəaliyyəti Ümumi Yığıncaq tərəfindən seçilən operator təşkilat tərəfindən aparılır. Opreator təşkilatın fəaliyyəti Koordinasiya Şurası tərəfindən təsdiq edilən ayrıca Əsasnamə ilə tənzimlənir.
VI. Alyansın fəaliyyətinə xitam verilməsi
6.2. Alyans Ümumi Yığıncağın qərarı və qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə ləğv edilə bilər.
6.4. Alyans ləğv edildikdə onun əmlakı Əsasnamədə göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
VII. Keçid müddəaları
7.1. Alyans üzvlərinin sayı 15-ə çatana qədər Ümumi Yığıncaq həm özünün, həm də Koordinasiya Şurasının səlahiyyətlərini yerinə yetirir.
7.2. Alyans üzvlərininsayı 15-ə çatdıqdan sonra keçirilən ilk Ümumi Yığıncaqda Koordinasiya Şurasının yeni tərkibi seçilir.
SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?