2007-ci ilin dekabr ayında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı vətəndaş cəmiyyətinin gücləndirilməsində, demokratik dəyərlərin möhkəmləndirilməsində, iqtisadi və sosial tərəqqinin əldə olunmasında, vətəndaşların keyfiyyətli ictimai xidmətlərlə təmin olunmasında bələdiyyələrin əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alaraq öz səylərini mövcud yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı yönündə birləşdirmək məqsədilə “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansını yaradıb. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaq idi. 2009-cu il mayın 2-də Alyansın Ümumi Yığıncağı Alyansa daxil olan təşkilatların birgə fəaliyyətin daha səmərəli təşkili məqsədilə Alyansın buraxılaraq yenidən təşkili haqqında qərar qəbul edib. Həmin qərar əsasında Alyansa daxil olmuş təşkilatların əksəriyyəti 2009-cu il mayın 6-da yeni formatda “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər.
Alyansa aşağıdakı təşkilatlar daxildir: İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, Aran Humanitar Regional İnkişaf İctimai Birliyi, “Mülki cəmiyyətə doğru” Mərkəzi, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Qadınlar Arasında Həmrəylik İctimai Birliyi.
SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?